
Gündəmi əks etdirən ağrılı və vacib faktların toplanması, qiymətləndirilməsi və şərh edilməsi yolu ilə sosial qrupların dünyagörüşlərinin aktuallaşdırılmasına jurnalistika deyilir.
Son günlər gündəmi jurnalistlərə verilən evlər ciddi şəkildə məşğul edib. O dərəcədə məşğul edib ki, müstəqil media mənsubları Rütəm İbrahimbəyovun ölkəyə gəlib-gəlməyəcəyini, avtoritar rejimdən demokratik sistemə keçidin olub-olmayacağını daha önəmli saymır, hakimiyyət düşərgəsinə aid qələm əhli isə daha Milli Şuranı “dağıtmaq” planından əl çəkib. Ev qovğasında bir-birinə girən, indi də mərtəbə davası edən jurnalistlər sosial təyinatlarını unudublar, deyəsən. Elə bil ki, K.Braunun “jurnalistika dümənləri pula çevirmək sənətidir” deyimini təsdiqləmək üçün yarışa çıxıblar. İki hissəyə bölünüblər: ev alanlar və onlara paxıllıq, yaxud başqa bir səbəbdən düşmən kəsilənlər. Çox az bir hissə yazarlar var ki, bu söz-söhbətə bulaşmaqdan vaz keçərək həmişəki kimi öz işləri ilə məşğuldurlar.
Jurnalist mənim xəyalımda hələ uşaqlıqdan ölməz, yenilməz bir obraz olaraq formalaşmışdı. Bu eyforiyanı Vlad Listyevin qətli dağıtdı. Yaddaşıma həkk olunmuş ilk jurnalist qətli məhs bu olmuşdu. Daha sonralar oxşar sarsıntıları Azərbaycan mediası da yaşadı. Elmar Hüseynov öz dar, nəm, qaranlıq “evi” ilə mükafatlandırıldı. Bahəddin Həziyevə heç onu da rəva görməmişdilər yenilməz zalımlar. Adam zibillikdə çürüyüb gedəsi idi, qurda-quşa yem olacaqdı, fəqət əcəli tamam deyilmiş. Tofiq Yaqublu və Yadigar Sadıqov digər həmkarlarından daha erkən “kazyonaya xata”ya layiq görülüblər. Hətta plazma televizorları da var. Əliaçıq ölkə başçısı heç kimi unutmayıb. Bircə fərq ondadır ki, T.Yaqublu və Y.Sadıqovun boyunlarında minnət qalmayacaq... Tarix isə bu adıçəkilən və çəkilməyən fədakar insanları ilə şərəflənir, yaddaşlara həkk olunur. Baxmayaraq ki, bir mənzilə görə “mən heykələ partiya funksioneri kimi deyil, Mətbuat Şurasının üzvü kimi baş əymişdim”, deyənləri də görmüşük bu fani dünyada nə yazıq ki.
Bu günlərdə Aynur Elgünəşin “Əkinçi və qızları” (http://civil-forum.az/meqaleler/369-kini-v-qzlar.html) hekayəsini oxumuşdum. Jurnalistikada ürək ağrısı ilə qeyd ediləsi iyrənclikləri özünəməxsus şəkildə ifadə etmişdi Aynur xanım. Amma pessimizmə qapılmağa dəyməz. Əkinçinin cinsi mənsubiyyətindən asılı olmayaraq evə, pula, maşına, dünya malına boyun əyməyəcək “oğulları”, “ərənləri” var. Hər gün onlar cəmiyyətin pis üzünə, iyrəncliklərinə sinə gərir. Onların tənqidləri neçə-neçə insanlara nəsihət olur. Onlar ölüm yatağından, qazamat hücrələrindən belə car çəkib insanları sosial zibilliklərə yuvarlanmaqdan xilas edirlər. Onlar süpürgə götürüb ölkəmizi hər iki mənada təmizləməkdən ayıb etmirlər. Onlar pulsuz-parasız, heç bir maddiyyat güdmədən günlərini məlumat paylaşmağa sərf edirlər. Onlar “Əkinçi”nin fərli oğullarıdır.
22 iyul məhs onların bayramıdır. Və nəinki 22 iyul. Cəmiyyətin neqativlərinə, məmur özbaşınalığına vurduqları hər bir zərbə, mənəvi qələbə çaldıqları hər bir gün o şərəfli insanların bayramıdır. Bayram əhval-ruhiyyəniz əskik olmasın. Minnətli mənzilləri isə boş verin. Sizə yaraşan vüqardı!
Комментариев нет:
Отправить комментарий