вторник, 21 января 2014 г.

365 gün matəm


           Bu gün bir dəstə insan şüvən qoparıb 20 yanvar günü toy edənləri, orda iştirak edən qonaq və artistləri qınayırlar. Amma mən qınamıram...


             Son 20 il ərzində başımıza gəlməyən müsibətlər, psixoloji travmalar qalmayıb. Millət üçün az qala hər gün bir faciədir. Atəşkəs dövrü ölən və öldürülən hərbi qulluqçularımızın, Azərbaycan mehmetçiyinin ölüm sayı az qala döyüşdə ölənlərə yaxınlaşıb. Matəm matəm içində. Dini matəm, milli matəm, işğal günləri. bu tərəfdən də tutub üzümüzü güldürəcək xoş günləri ləğv etdilər. Müstəqilliyimizi qeyd etmirik, dirçəlişimiz ölü doğulub, Konstitusiyamız yazılmamış qanunlar qarşısında dizin yerə atıb. 15 iyunda qurtulan 91 nədərdən yarısı qəbirdə, türmədə, bir hissəsi də qurtulduğu günə lənət yağdırır o da ürəyində. İçindəki qorxu Allah xofundan güclüdür, ona görə. Heç bəlkə də o xof onda anadangəlmə olmayıb, amma ola bilsin ki Məkkəni ziyarət edib, həci olub.
            Dediyim kimi, toplum matəm günlərinin sayın itirib. Ölkə boyu toylarda ruhaniyə oynamayan bir Qazax-Tovuz-Ağstafa zonası qalıb ki, o da adət üzrə bunu etmir. Cümlə aləm öz dərdinə sarılıb arsız-arsız oynayır. Toyu da matəm kimidi. Bircə ümidi atılan nəmərədi ki, qonaqlarına nisyə yedirtdiyi, "qonşudan dala qalma" qidaların pulunu verə bilsin.
           Ölkədə hər nə varsa inhisara alınıb, bilirsiz. Hər nə varsa. bunu boş yerə qeyd etmədim. Bircə matəmlər qalmışdı. Ümumi dəyərimiz 20 yanvar qalmışdı. İndi onu da inhisara alıblar. Kimin nə boyda çələng qoymasını, yaxud ümumiyyətlə qoymamasını müəyyən edirlər artıq. Məntiqə əsaslanan söz demək mümkün deyil bu yerdə. Sadəcə iyrəncdir. Və bu artıq bizim ehtiramlı 20 yanvar deyil. Bu artıq kimlərinsə pokazuxası, vətənşüvənliyidi. Şəhidlərimizi də ucuzlaşdırırlar. Və belə olan halda nə dəxli var kim nə vaxt toy ləyir? Onsuz da 365 günlük zəlalət matəmindəyik.
          Amma 20 yanvar 1990-cı ili heç vaxt unutmayacam. 8-ci sinifdə oxuyurdum. Mənim üçün faciə kimya müəlliməmin ağlaya-ağlaya birinci saata girməsi və Bakının qana boyanmasını bəyan etməsi oldu...