Müsavat
Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə Azərbaycan
xalqını təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli
həmvətənlər!
Sizi 31
dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə
ürəkdən təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar
arzulayıram.
1988-ci ildə
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda başlayan Xalq
Hərəkatı ümummilli problemlərin həlli uğrunda xalqın səfərbər olması üçün
şərait yaratdı. Uzun illər dondurulmuş problemlər ölkə miqyasinda gündəliyə
gəldi. Xalqımızı uzun illər ərzində ayıran sərhəd məftillərinin sökülməsi
çağırışları nəhayət 1989-cu ilin dekabr ayının 31-də reallaşdı. Həmin gün
xalqımızın sevinclə bayram etdiyi günlərdən birinə çevrildi.
1992-ci ildə,
Elçibəy hakimiyyəti dövründə onun təşəbbüsü ilə Milli Məclisdə həmin günün
Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi
barədə qanun qəbul olundu.
O vaxtdan 31
dekabr dünyanın hər yerində yaşayan 50 milyonadək soydaşlarımız həmin günü
bayram kimi qeyd edir. Bu gün Azərbaycanlıların dünyanın hər yerində
toparlanmasına əhəmiyyətli təsir göstərir.
Qarşıdan həm
də Yeni təqvim ili gəlir. Təəssüf ki, indiki iqtidarın yarıtmaz siyasəti
nəticəsində ötən il də ölkənin, xalqın problemlərinin həll olunmadığı bir il
oldu. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş baş
vermədi. Xalqın güzəranı daha da pisləşdi, bacarıqsız iqtisadi siyasət ölkəni
dərin bir böhrana gətirdi. Cəmiyyətdə təbəqələşmə daha da dərinləşdi,
varlıların daha da varlanması, yoxsulların isə daha da yoxsullaşması prosesi
davam etdi. Ölkəmiz siyasi və vicdan məhbusların sayına görə dünyanın lider
dövlətlərindən birinə çevrildi. İnsan hüquqları və digər azadlıqlar sahəsində
yaranan acınacaqlı vəziyyət dözülməz həddə çatdı. Hakimiyyətin bacarıqsız
xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə
düşdü.
2016-cı il
dövlətimiz və xalqımız üçün çətin sınaq ili olacaq. Dərinləşən siyasi və
iqtisadi böhran şəraitində, yeni 2016-cı ildə istər Qarabağ probleminin,
istərsə də digər problemlərimizin həlli üçün səylərimizi artırmalıyıq.
Arzuladığımız
azad Azərbaycanın qurulması, xalqımızın nüfuzunun, dövlətimizin təsir
imkanlarının artması naminə fədakar mübarizə aparmalıyıq.
Hörmətli həmvətənlər!
Sizi bir daha
Yeni təqvim ili münasibəti ilə təbrik edir, vətənimizin azad, firavan gələcəyi
naminə birliyə, həmrəyliyə çağırıram.”
30 dekabr 2015-ci il

Комментариев нет:
Отправить комментарий