Və ya məmləkətdə yoxa çıxan büstlərin sayı artır
- "Bu büst əvvəl Lenin olub, başına əl gəzdirib Rəsulzadə düzəldiblər..." deyərək ADR banisinin daha bir büstünü yerindən götürdülər. Bu dəfə Sabirabadda.
- Müstəqillik elan olunandan bəri Sabirabad rayon İcra Hakimiyyətinin binası önündə ucaldılmış Rəsulzadənin büstü avqustun 30-da götürülüb və hazırda harda olması bəlli deyil.
- Məhəmməd Əmin Rəsulzadənin büstünün götürülməsi müxalif qüvvələrin etirazına səbəb olub. 5 müxalif partiyanın yerli şöbələri olayla bağlı birgə bəyənat imzalayib. Bəyanatda Sabirabad rayon İcra Hakimiyyəti rəsmilərindən abidənin taleyi ilə bağlı açıqlama tələb olunur.
Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Yavər Gülməməmmədov bildirir ki, əgər qısa müddətdə yerli hakimiyyət baş vermiş vandalizm aktı ilə bağlı məntiqli açıqlama verməsə müxalifət partiyaları etiraz aksiyalarına başlayacaqlar: "İlkin olaraq əhali arasında tarixi abidələrin məhv edilməsi faktlarını əks etdirən vərəqələr paylanması, daha sonra kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur".
- Sabirabad Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri İlham Əsgərov www.civil-forum.az saytına bu barədə heç bir açıqlama vermək istəməyib. Sadəcə İcra Hakimiyyəti mətbuat xidmətinin bu barədə açıqlaması olduğunu bildirib. Açıqlamada isə büstün əvvəlllər Lenin olduğu iddia edilir.
- Açıqlamada bildirilir: "Son günlər bir sıra KİV-də ADR-in qurucularından olan Rəsulzadənin Sabirabad rayonundakı büstünün götürülməsi barədə ziddiyyətli fikirlər səslənir, müxalifət mətbuatı, həmçinin Müsavat və AXCP bunu görkəmli şəxsiyyətə hörmətsizlik hesab edir. Bununla əlaqədar aşağıdakıları bildirməyi vacib hesab edirik. Əslində, götürülən büst sovetlər dövründə Leninin büstü olub. 1992-ci ildə AXC-Musavat hakimiyyəti dövründə onlar M. Ə. Rəsulzadəyə çox böyük hörmətsizlik ediblər. Belə ki, Sabirabad rayon Partiya Komitəsinin inzibati binasının (indiki RİH-nın binası) giriş hissəsinin sol tərəfindəki küncdə o vaxtkı Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin portretləri asılmış lövhənin qarşısındakı Leninin büstünün baş hissəsinə əl gəzdirərək Rəsulzadəyə oxşadıb, bununla da, görkəmli şəxsiyyətə qarşı böyük sayğısızlığa yol veriblər..."
- Daha əvvəl isə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev və Ağsaqqallar Şurasının sədri Şərif Məmmədbəyov da anoloji açıqlama ilə çıxış etmişdilər. Onlar da büstün öncədən Leninə aid olduğunu dilə gətirib və buna görə də həmin büstün ləğvini labüd sayıblar.
- AXC-Müsavat iqtidarı illərində Sabirabad rayonunun baş memarı vəzifəsində çalışmış Rahil Quliyev isə www.civil-forum.az saytının əməkdaşı ilə telefon söhbətində İcra Hakimiyyətinin mövqeyini bölüşmədiyini söyləyib. O, bildirib ki, büst həmin əraziyə 1992-ci ildə yox, 1993-cü ildə qoyulub və 28 may Respublika Gününə həsr olunmuş bayram toplantısında açılış mərasimi olub.
- "O ki qaldı büstün Leninə aid olmasına, bu tamamilə yanlış fikirdir. Büst Sabirabad rayon İcra Hakimiyyətinin sifarişi ilə 3-cü mikrorayon bazarının arxasında yerləşən heykəl emalatxanasında hazırlanıb. Heykəli emalatxanadan şəxsən özüm gətirmişəm", - Quliyev deyir.
- Əslində Sabirabadda baş vermiş bu olay ilk deyil. Bundan əvvəl də M.Ə.Rəsulzadənin büstləri respublikanın müxtəlif yerlərindən götürülüb. İlk təcrübə isə bir vaxtlar ADR banisinin adını daşıyan Bakı Dövlət Universitetində baş verdi. Əvvəlcə bu təhsil müəssisəsindən onun büstünü, daha sonra "Burada M.Ə.Rəsulzadəyə heykəl ucaldılacaqdır" yazılmış barelyef yoxa çıxarıldıı, üstəlik onun adı da universitedən götürüldü.
2000-ci ildə isə Ağcabədi rayonunda Rəsulzadəyə aid büst naməlum şəkildə yoxa çıxarılmışdı. Amma sonradan yerli müsavatçılar bu büstün torpağa gömüldüyünü aşkar etmişdilər və qazıb çıxarmışlar. Müsavat Partiyası Ağcabədi rayon təşkilatının fəalı Cavid Hacıbəyli 10 ildən artıq müddətdə büstün harada gizlədildiyinin məlum olmadığını söyləyir:
- "Nə təmir edilib, nə də yerinə qaytarılıb. Bu yaxınlarda izinə düşüb tapmışıq. Torpağın altından qazıb büstü götürmüşük. Büst xeyli zədələnmiş haldadır, hazırda Müsavat partiyasının Ağcabədi rayon təşkilatının rəhbərliyindədir. Bütün bunlar iqtidarda Rəsulzadə fobiyasının təsadüf olmadığı qənaətini formalaşdırır".
- Deyəsən, Sabirabad Rəsulzadə ilə vidalaşan son məkan da olmayacaq. Məsələn, elə bu yaxınlarda Bakıda təmirə dayanmış 28 may metro stansiyasının divarına şəbəkələrlə əks olunmuş Rəsulzadənin portretinin də ləğv olunacağı haqda söhbətlər dolaşmaqdadı. Zaqatalada isə Sabirabaddakı hadisələr tamtamına təkrarlanacaq, deyəsən. Orda mərkəzi parkda ucalan ADR banisinin büstünün də vaxtilə Leninə aid olduğu söylənilir. Bu söyləntilər növbəti büstün götürülməsi ilə nəticələnə bilər. Bu barədə mülahizələr artıq mətbuatda yer alıb.
- "Hakimiyyət siyasi mifologiya yaratmaqla məşğuldur!" - M.Ə.Rəsulzadə irsinə olan laqeyd münasibəti, onun ölkə ərazisində olan azsaylı abidələrinin bir-bir ləğv edilməsini şərh edərkən Müsavat başqanı İsa Qəmbər belə söyləyib. Müsavat başqanı fikrini mövcud iqtidarın Azərbaycanda dövlətçilik ənənələrinin başqasından deyil məhs H.Əliyevdən başlaması mifini cəmiyyətə həzm etdirmək üçün bu addımı atmasıyla əsaslandırır.
- "Bunun üçün də cəmiyyətə 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin banisi olmuş M.Ə.Rəsulzadəni və onun irsini, 1992-ci ildə yenidən müstəqilliyimizi əldə etmiş Azərbaycan Xalq Cəbhəsini və onun lideri Əbülfəz Elçibəyi unutdurmaq lazımdır. Bu məqsədlə də siyasi hakimiyyət tarixi saxtalaşdırmaqla, abidələrin məhv edilməsi ilə məşğuldur", - İsa Qəmbər bildirdi.
