вторник, 30 июля 2013 г.

Vandalizmdən keçən “quruculuq ” yolu

Vandalizmdən keçən “quruculuq ” yolu » Civil Forum rəsmi səhifəsi

                              Heykəltaraş vaxtında bütün artıqları kəsib atsa heykəldən yanız postament qalar.
                                                                                                                                (Mixail Qenin)


           Sabirabadda ikinci Heydər Mərkəzinin tikilməsi barədə mətbuatdan məlumatlısınız. Külli miqdarda infrastruktur problemləri ilə üz-üzə qalan Sabirabad rayonunda bu tikiliyə lüzum olub-olmaması böyük bir mövzu olsa da, bu barədə bu gün söhbət açmaq fikrimiz yoxdu. “Birinci mərkəz bəs necə olacaq?” – bax budur əsas sual. Və cavab özünü ləngitmir: “Heç nə! Sadəcə sökəcəklər, təbii ki, başqa təyinat tapılmasa”. 


          Çox maraqlıdır ki, Azərbaycanda yeni quruculuq-inşaat prosesində vandallıq sindromu ciddi şəkildə özünü biruzə verməkdədir. Birini tikmək üçün digərini uçurmaq tezisi. Dünyanın heç bir yerində tarixə xidmət edən tikililəri dağıdıb külünü göyə sovurmurlar. Elə bil Azərbaycan insanının tarixinə əl qoymaq barədə hansısa rejim məmuru öhdəlik götürüb. Tarix isə təkcə komleks deyil, fərdi informasiyaları da özündə qoruyub saxlayır. Vasif Adıgözəlovun həzin musiqisi sədaları altında mərhum Şövkət Ələkbərovanın Rəsul Rza şeyriyyatını nota düzdüyü məşhur mahnını xatırlayırsızmı:

                                          Qucağında Xəzərin yatıb dincələn Bakı,
                                          Qarı, çiskin yağışı, əyri-köndələn Bakı...

          Hanı bəs o əyri-köndələn Bakı? Hanı axşamlar məhlədə toplaşıb özünəməxsuluğu ilə seçilən bakılı ləhcəsi ilə A-dan Z-yə hər şey haqqqında söhbətlər edən, öyüd-nəsihətlərini kənarda top qovan, daha nələrlə məşğul olan yeniyetmələrdən əsirgəməyən Bakı ağsaqqalları? Bu mahnını dinləyən gələcək nəsillər necə təsəvvür edəcəklər tarixi Bakını? Mən qətiyyən yeni tikililərin əleyhinə deyiləm. Göydələnlər də lazımdı, alovu tərənnüm edən əkiz binalar da çox gözəldir, heç qış bulvarının da əleyhinə deyilem. Mənim davam vandalizmlədir. 

          Son zamanlar səfər etdiyim iki şəhərdə - Təbriz və Tiflisdə tarixlə müasirlyin necə qonşu olduğunu öz gözlərimlə görmüşəm. Oralarda yenisini qurmaq üçün qədimləri yox etmirlər. Öz rahat yaşamın üçün qocalmış valideynlərini öldürüb bir dərəyə atmaq kimi mənasız və cinayətkar bir əməldi bu. Axı niyə bu layihələri həyata keçirmək üçün insanların ailə ocaqlarını söküb-dağıdıb, özlərini dərbədər edirsiz? Niyə əsrlərdir qorunub saxlanılan əyri-köndələn Şirvanşahlar şəhərini tarixdən silmək istəyirsiz? 

          Dəhşət bununla bitmir! Gəncədə Cavad xanın dəftərxanasını söküb yerində PVC-li- aqlaylı budka-parodiya tikmək hansı məntiqə xidmət edirdi? Bütün bunlara siyasi don geyindirib insanları keçmişindən uzaqlaşdırıb zonbiləşdirmək məqsədi güddüyünüzü, tarixi “silməklə” fərdlərin bir-birinə yadlaşmağını təmin etməklə siyasi rejimin ömrünü artırmağı fikirləşdiyinizi iddia edərdim, amma bu zatən bəllidi deyə bu sayaq fəlsəfi fikirlər yürütməkdən və açıqlamalar verməkdən uzağam. Amma bir sual məni düşündürür. Son 10 il ərzində özünüzün guya yazdığınız kövrək tarixləri niyə silməyə başlamısız? Niyə Heydər Mərkəzlərinin birini söküb, başqasını tikirsiz? Yəni bu da siyasi-fəlsəfi yüklü bir addımdır? Rejimin yaşın kiçiltməkdir məqsəd? Anlamıram ki...

           Heç bu vandalizm nümunələrinə vaxt ayırmaq fikrim yox idi, bir neçə gün əvvəl baş vermiş yeni vandalizm olmasaydı. Sabirabadda ilk dəfə qədəm qoyduğum Y.A.Qaqarin adına məktəbin binası söküldü. Heç kimə mane olmurdu bu tikili. Özündə nəhəng tarixi yük daşıyırdı. Sabirabad hələ çar dövründən bu yana rusların, Ukrayna malokanlarının kompakt yaşadığı yer olub. Elə bir köhnə sabirabadlı yoxdu ki, ruslarla bağlı xatirələri olmasın. Böyük əksəriyyəti köçüblər – kimisi o dünyaya, kimisi Rusiya və Ukraynaya. Amma onlarla bağlı və onların xoş xatirələri hələ də qalır yaddaşlarda. Artıq çoxdandır məktəb kimi fəaliyyətini dayandıran dillərdə Qaqarin məktəbi kimi tanınan bu bina rus-malokan var oluşunun Sabirabadda son məbədi idi. Maraqlı bir muzey alınardı, əgər istək olsaydı. Sosial şəbəkələrdə ünsiyyətimizi qoruyub saxladığımız dünya boyunca səpələnmiş müxtəlif milli mənsuniyyəti olan sabirabadlılar – Serqey Dubovskiy, Valentina Qluxova, Zinaida Fateyçeva, Nərgiz Faynerman, Anna Kovqanko, Oleq Kovqanko, Zemfira Yudenko, İnna Denejkina(Siderman), Vera Basova və bir çox başqalarının bu söküntü xəbərindən keçirdiyi hissləri bir görsəydiniz... Bağışlayın dostlar, vandalizm həyatımıza hakim kəsilib...

P.S. Mərkəz tamamlanmış anlayışdır, o çox ola bilməz, lap elə ekvator kimi.
P.P.S. Məndə bəzən elə təəsürat yaranır ki, Bakıda bakılı ləhcəsində danışan kimsə qalmayıb.

четверг, 25 июля 2013 г.

Evləri minnətli jurnalistlər » Civil Forum rəsmi səhifəsi


Gündəmi əks etdirən ağrılı və vacib faktların toplanması, qiymətləndirilməsi və şərh edilməsi yolu ilə sosial qrupların         dünyagörüşlərinin aktuallaşdırılmasına jurnalistika deyilir.

Cəmiyyətin güzgüsünə çevrilmiş jurnalistika zaman-zaman sadəcə gündəmi əks etdirməklə kifayətlənməyib, hətta radikal müxalifətçilik də edib. Ölkə əhalisinin mütləq əksəriyyətinin apatiyaya qapılaraq “bu daha sondu” kimi fikir söyləyib siyasi kapitulyasiyaya baş vurmasının qarşısını Azərbaycanın fədakar jurnalistləri gündəmə öz intellektual çəkilərini qoymaqla alıb. Azərbaycan jurnalistikası mətin, cəsarətli, zəkalı jurnalistlər yetişdirib ki, bəlkə də o şəxslər, o köşə yazarları ən azı Türkiyə kimi bir dövlətdə fəaliyyət göstərsəydilər, onların qəzetdən qəzetə transferləri məşhur futbolçu transferi kimi hadisəyə çevrilərdi. Dediyim kimi, bu insanlar cəmiyyətin güzgüsü funksiyasını öz üzərinə götürüb şərəflə daşıyırlar. Amma “güzgülərində” özəl dünyası var, və nə yazıq ki, bu dünyada Əyri Güzgülər Krallığı da mövcuddu.

Son günlər gündəmi jurnalistlərə verilən evlər ciddi şəkildə məşğul edib. O dərəcədə məşğul edib ki, müstəqil media mənsubları Rütəm İbrahimbəyovun ölkəyə gəlib-gəlməyəcəyini, avtoritar rejimdən demokratik sistemə keçidin olub-olmayacağını daha önəmli saymır, hakimiyyət düşərgəsinə aid qələm əhli isə daha Milli Şuranı “dağıtmaq” planından əl çəkib. Ev qovğasında bir-birinə girən, indi də mərtəbə davası edən jurnalistlər sosial təyinatlarını unudublar, deyəsən. Elə bil ki, K.Braunun “jurnalistika dümənləri pula çevirmək sənətidir” deyimini təsdiqləmək üçün yarışa çıxıblar. İki hissəyə bölünüblər: ev alanlar və onlara paxıllıq, yaxud başqa bir səbəbdən düşmən kəsilənlər. Çox az bir hissə yazarlar var ki, bu söz-söhbətə bulaşmaqdan vaz keçərək həmişəki kimi öz işləri ilə məşğuldurlar. 

Jurnalist mənim xəyalımda hələ uşaqlıqdan ölməz, yenilməz bir obraz olaraq formalaşmışdı. Bu eyforiyanı Vlad Listyevin qətli dağıtdı. Yaddaşıma həkk olunmuş ilk jurnalist qətli məhs bu olmuşdu. Daha sonralar oxşar sarsıntıları Azərbaycan mediası da yaşadı. Elmar Hüseynov öz dar, nəm, qaranlıq “evi” ilə mükafatlandırıldı. Bahəddin Həziyevə heç onu da rəva görməmişdilər yenilməz zalımlar. Adam zibillikdə çürüyüb gedəsi idi, qurda-quşa yem olacaqdı, fəqət əcəli tamam deyilmiş. Tofiq Yaqublu və Yadigar Sadıqov digər həmkarlarından daha erkən “kazyonaya xata”ya layiq görülüblər. Hətta plazma televizorları da var. Əliaçıq ölkə başçısı heç kimi unutmayıb. Bircə fərq ondadır ki, T.Yaqublu və Y.Sadıqovun boyunlarında minnət qalmayacaq... Tarix isə bu adıçəkilən və çəkilməyən fədakar insanları ilə şərəflənir, yaddaşlara həkk olunur. Baxmayaraq ki, bir mənzilə görə “mən heykələ partiya funksioneri kimi deyil, Mətbuat Şurasının üzvü kimi baş əymişdim”, deyənləri də görmüşük bu fani dünyada nə yazıq ki. 

Bu günlərdə Aynur Elgünəşin “Əkinçi və qızları” (http://civil-forum.az/meqaleler/369-kini-v-qzlar.html) hekayəsini oxumuşdum. Jurnalistikada ürək ağrısı ilə qeyd ediləsi iyrənclikləri özünəməxsus şəkildə ifadə etmişdi Aynur xanım. Amma pessimizmə qapılmağa dəyməz. Əkinçinin cinsi mənsubiyyətindən asılı olmayaraq evə, pula, maşına, dünya malına boyun əyməyəcək “oğulları”, “ərənləri” var. Hər gün onlar cəmiyyətin pis üzünə, iyrəncliklərinə sinə gərir. Onların tənqidləri neçə-neçə insanlara nəsihət olur. Onlar ölüm yatağından, qazamat hücrələrindən belə car çəkib insanları sosial zibilliklərə yuvarlanmaqdan xilas edirlər. Onlar süpürgə götürüb ölkəmizi hər iki mənada təmizləməkdən ayıb etmirlər. Onlar pulsuz-parasız, heç bir maddiyyat güdmədən günlərini məlumat paylaşmağa sərf edirlər. Onlar “Əkinçi”nin fərli oğullarıdır. 

22 iyul məhs onların bayramıdır. Və nəinki 22 iyul. Cəmiyyətin neqativlərinə, məmur özbaşınalığına vurduqları hər bir zərbə, mənəvi qələbə çaldıqları hər bir gün o şərəfli insanların bayramıdır. Bayram əhval-ruhiyyəniz əskik olmasın. Minnətli mənzilləri isə boş verin. Sizə yaraşan vüqardı!

вторник, 23 июля 2013 г.

Su həyat məmbəyi olaraq qalırmı?

Məşhur “Su həyat məmbəyi olaraq qalır” şüarını yəqin Ceyranbatan su anbarının divarları üzərində çoxları görüb. Əvvəllər şüarın müəllifinin ad-soyadı da həkk olunmuşdu o divara, amma sonra nə düşündülərsə müəllifi sildilər. 

Şüar, əslində, özündə qətiyyətdən çox təəccüb ifadə edir. Bu da təbiidir. Çünki Azərbaycanda içməli su adı ilə əhaliyə sıranan maye bir çox hallarda heç “texniki su” statusunu da daşımır. O üzdən bizim suyun ölüm deyil, hələ də həyat mənbəyi olması təkcə şüar müəllifində deyil, həm də o suyu istifadə edən insanlarda da təəccüb doğurur.

Keçək regionlara. Sabirabad rayonu Kür-Araz çayları sahillərində yerləşir. Demək olar ki, bütün ərazisi Kür çayı ilə əhatə olunub. Amma ən çox da su problemi ilə üzləşən rayonlardan biri də məhz elə Sabirabaddır. Hətta administrativ mərkəzin də böyük bir hissəsində təmizlənməmiş, suvarma təyinatlı açıq tipli kanallar vasitəsilə ötürülən su içməli su kimi istifadə edilir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ilin mart ayı üçün olan hesabatında göstərilir ki, Azərbaycana Gürcüstan və Ermənistandan Kür və Araz çayları çirkləndirilmiş şəkildə daxil olur. Kür çayı üzərində quraşdırılmış Şıxlı-2 monitorinq məntəqəsində yoxlama zamanı məlum olub ki, Kürün suyunda fenol 4, mis birləşmələri isə 3 dəfə normadan artıqdır. 

Belə olan halda zatən içməli su kimi yararsız olan Kür suyunu yerli əhali həm də təmizlənməmiş istehlak etməyə məcburdu. İnsanların özlərinin kustar üsulla təmizləməyə məcbur olduğu bu “həyat məmbəyi” insanların mədələrinə çoxlu sayda mikrob və zərərli bakteriyalar daşıyır. Kim bilir il ərzində nə qədər yoluxucu xəstəliklər məhs bu üzdən tuğyan edir. Ən azı nəzərə almaq lazımdır ki, Kür çayı cəmi bir neçə il əvvəl bir sıra rayonun kəndlərini basaraq insanların ev-eşiklərini xaraba qoymaqla bərabər kanalizasiya sistemi olmayan kəndlərin zir-zibilini, çirkabını da yuyub özündə cəmləşdirib. Amma nə yazıq ki, yerli məmurlar bu barədə düşünmək istəmirlər. 

Halbuki, Sabirabad postsovet məkanının ən böyük və hətta bu gün üçün standartlara cavab verən su təmizləmə qurğusuna malikdir və onu sadəcə olaraq tam gücü ilə işə salmaq kifayət edər ki, nəinki Sabirabad, hətta bir neçə ətraf rayon da təmizlənmiş su ilə təmin olunsun.

Sabirabad Su Təhcizaqtı İdaərisinin rəisi Xaləddin Şahbazovla təxminən il yarım əvvəl problemlə bağlı görüşmüşdük. Qəti şəkildə müsahibə verməkdən imtina edən Şahbazov yalnız onu bildirmişdi ki, artıq yeni mühərriklər qurulmaq üzrədir və ən geci 15 gün müddətində Sabirabad şəhəri təmizlənmiş içməli su ilə təmin olunacaq. Amma bu vədin üstündən 18 ay keçməsinə baxmayaraq, sabirabadlıların evinə su əvəzinə yenə də palçıq axır. 

Böyük məbləğdə pulların lüzumsuz layihələrə sərf olunması, yersiz hasarlama, 3 aydan bir yaşıllaşdırma adı ilə bitməyəcəyi əvvəlcədən məlum olan ağac və kolların əkilməsi, qapısı ildə 1-2 dəfə açılacaq mərkəzlərin tikilməsi əvəzinə insan faktorunu hakim tutub içməli su təhcizatını qaydaya salmaq daha doğru olardı, məncə. Görünür, bu, səlahiyyət sahiblərinə sərf eləmir sadəcə. Çünki korrupsiya məqsədli layihələr konkret şəxslərin cibini doldurduğu halda, suyun təmizlənməsindən yalnızca sadə vətəndaşlar xeyir görəcəklər. 

Çox sadəlövhcə olsa da, “Bəs vicdan?” deyə düşünməyə bilmirsən.

http://civil-forum.az/meqaleler/375-su-hyat-mmbyi-olaraq-qalrm.html