вторник, 23 июля 2013 г.

Su həyat məmbəyi olaraq qalırmı?

Məşhur “Su həyat məmbəyi olaraq qalır” şüarını yəqin Ceyranbatan su anbarının divarları üzərində çoxları görüb. Əvvəllər şüarın müəllifinin ad-soyadı da həkk olunmuşdu o divara, amma sonra nə düşündülərsə müəllifi sildilər. 

Şüar, əslində, özündə qətiyyətdən çox təəccüb ifadə edir. Bu da təbiidir. Çünki Azərbaycanda içməli su adı ilə əhaliyə sıranan maye bir çox hallarda heç “texniki su” statusunu da daşımır. O üzdən bizim suyun ölüm deyil, hələ də həyat mənbəyi olması təkcə şüar müəllifində deyil, həm də o suyu istifadə edən insanlarda da təəccüb doğurur.

Keçək regionlara. Sabirabad rayonu Kür-Araz çayları sahillərində yerləşir. Demək olar ki, bütün ərazisi Kür çayı ilə əhatə olunub. Amma ən çox da su problemi ilə üzləşən rayonlardan biri də məhz elə Sabirabaddır. Hətta administrativ mərkəzin də böyük bir hissəsində təmizlənməmiş, suvarma təyinatlı açıq tipli kanallar vasitəsilə ötürülən su içməli su kimi istifadə edilir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ilin mart ayı üçün olan hesabatında göstərilir ki, Azərbaycana Gürcüstan və Ermənistandan Kür və Araz çayları çirkləndirilmiş şəkildə daxil olur. Kür çayı üzərində quraşdırılmış Şıxlı-2 monitorinq məntəqəsində yoxlama zamanı məlum olub ki, Kürün suyunda fenol 4, mis birləşmələri isə 3 dəfə normadan artıqdır. 

Belə olan halda zatən içməli su kimi yararsız olan Kür suyunu yerli əhali həm də təmizlənməmiş istehlak etməyə məcburdu. İnsanların özlərinin kustar üsulla təmizləməyə məcbur olduğu bu “həyat məmbəyi” insanların mədələrinə çoxlu sayda mikrob və zərərli bakteriyalar daşıyır. Kim bilir il ərzində nə qədər yoluxucu xəstəliklər məhs bu üzdən tuğyan edir. Ən azı nəzərə almaq lazımdır ki, Kür çayı cəmi bir neçə il əvvəl bir sıra rayonun kəndlərini basaraq insanların ev-eşiklərini xaraba qoymaqla bərabər kanalizasiya sistemi olmayan kəndlərin zir-zibilini, çirkabını da yuyub özündə cəmləşdirib. Amma nə yazıq ki, yerli məmurlar bu barədə düşünmək istəmirlər. 

Halbuki, Sabirabad postsovet məkanının ən böyük və hətta bu gün üçün standartlara cavab verən su təmizləmə qurğusuna malikdir və onu sadəcə olaraq tam gücü ilə işə salmaq kifayət edər ki, nəinki Sabirabad, hətta bir neçə ətraf rayon da təmizlənmiş su ilə təmin olunsun.

Sabirabad Su Təhcizaqtı İdaərisinin rəisi Xaləddin Şahbazovla təxminən il yarım əvvəl problemlə bağlı görüşmüşdük. Qəti şəkildə müsahibə verməkdən imtina edən Şahbazov yalnız onu bildirmişdi ki, artıq yeni mühərriklər qurulmaq üzrədir və ən geci 15 gün müddətində Sabirabad şəhəri təmizlənmiş içməli su ilə təmin olunacaq. Amma bu vədin üstündən 18 ay keçməsinə baxmayaraq, sabirabadlıların evinə su əvəzinə yenə də palçıq axır. 

Böyük məbləğdə pulların lüzumsuz layihələrə sərf olunması, yersiz hasarlama, 3 aydan bir yaşıllaşdırma adı ilə bitməyəcəyi əvvəlcədən məlum olan ağac və kolların əkilməsi, qapısı ildə 1-2 dəfə açılacaq mərkəzlərin tikilməsi əvəzinə insan faktorunu hakim tutub içməli su təhcizatını qaydaya salmaq daha doğru olardı, məncə. Görünür, bu, səlahiyyət sahiblərinə sərf eləmir sadəcə. Çünki korrupsiya məqsədli layihələr konkret şəxslərin cibini doldurduğu halda, suyun təmizlənməsindən yalnızca sadə vətəndaşlar xeyir görəcəklər. 

Çox sadəlövhcə olsa da, “Bəs vicdan?” deyə düşünməyə bilmirsən.

http://civil-forum.az/meqaleler/375-su-hyat-mmbyi-olaraq-qalrm.html