четверг, 2 августа 2012 г.

48 mlrd-lıq oğurluğa 48 mln-luq baxış

            Ölkə miqyasında 48 milyard oğurlayırlar, Sabirabad miqyasında 48 milyon. Kim harda bacarır oğurlayır. 
            Sabirabadın abadlıq və quruculuq işlərinə, kanalizasiya sisteminnin qurulmasına ayrılmış bu pul vəhşicəsinə talan edilir. Və bu qədər görüləcək işin əvəzinə gül kimi mərkəzi meydanı dağıdıb yenidən tikirlər. Axcı kiməsə görülən iş barədə nəsə göstərmək lazımdı. Ən yaxşısı mərkəzi meydandı. Köhnə, amma yenicə təmirdən çıxmış fəvvarəni sökürsən, ətrafı xaraba qoyursan və yerində yeni 80 metr uzunluğunda fəvvarə tikib H. Əliyevin heykəlin qoyursan. Vəssalam. 48 milyon tamam.
              Azərbaycan məmurları durmadan acgözləşir və aqressivləşir. Bu daxili bir təlaşdan xəbər verir. İlk baxışdan cəmiyyət gözgörəti oğurluqlara, abadlıq şoularına hələ ki, susqun reaksiya verir. Son bir ay ərzində Azərbaycanın cənubundan şimalına kimi 15 rayon gəzmişəm. Bütün rayonlarda eyni ssenari, eyni şou: ətraf qazılıb, tökülüb, hərəkət məhdudlaşdırılıb. Yollar, səkilər o qədər bərbaddır ki, evdən çıxıb çayxanaya, şəhər mərkəzinə belə getməyə tənbəllik edirsən. Hətta camaat arasında söz gəzməyə başlayıb ki, guya bu qazıntı-dağıntı işləri insanların toplaşa bilməməsi üçün, mitinqə getmək imkanının məhdudlaşdırılması üçün edilir. Bu adi bir söz-söhbət ola bilər, amma hər bir uydurmanın, nağılın həqiqət tərəfi var. Məmurların aqressiv şəkildə büdcəni talaması buna sübutdur. Siçovullar gəmini gəmirir. Bir də görəcəyik qaçmağa başlayıblar. Biz cəmiyyətdə olan etirazı yelkənə çevirib gəmini xilas etməliyik.