Bəlkədə tamam başqa bir köşə alınacaqdı əgər bir neçə gün əvvəl baş vermiş təsvir edəcəyim hadisə olmasaydı. Evdəydim, uzanmışdım, amma yatmaq fikrim yox idi. Qolumla gözümü qapayıb nə haqdasa dərin fikrə getmişdim. Özümə qaranlıq mühit yaradıb düşünməyi xoşlayıram. 4 yaşlı qızımın da necə otağa daxil olaraq gəlib başım üzərində əyləşdiyini də hiss etməmişdim. Onun “ata” deyə səslənməsinə fikirlərimdən ayrıldım:”Ata! Sən türmədə olanda mən xəlvət gedib şkafda sənin durtkanı ( kurtka - gödəkcəmi nəzərdə tutur – A. İ.) iyləyirdim və deyirdim ki, atam gələcək...” Yəqin bu sətirləri oxuyan hər bir oxucu o anda mənim yaşadığım şoku elə mənim qədər yaşadı. 3 ay keçməsinə baxmayaraq “ağlı kəsməyən” hesab etmiyiz uşaq bir haqsızlıq rəzalətin hələ də sinirə bilmirdi. Azərbaycanda harınlamış, rüşvət girdabına qərq olmuş məmurların yanında söz azadlığı–plüralizm, sərbəst toplaşma, informasiya azadlığı, siyasi partiyalar və bu kimi digər qanunların tualet kağızı qədər hörməti yoxdur deyə hər an haqsızlıqla üzləşirik, toplum olaraq pessimizmə qapılıb deqradasiyaya uğrayırıq. Bunu artıq hamı başa düşür və bu mövzuda ən qatı YAP-çının belə mübahisə etməyə arqumenti yoxdur. Çünki ağız dolusu prezident dedikləri İlham Əliyev nəinki mənim və 4 yaşlı qızımın, nəinki yayın şiddətli istisində Kürdəxanı təcridxanasında günahsız cəza çəkən arifhacılıların, sahibkərimlilərin, turalabbaslıların, əhədməmmədlilərin və onların gözü yol çəkənlərinin, Harvardda təhsil alıb Vətəninə elm və bacarığı ilə xidmət etmək xülyası ilə yaşayan, amma sonunda qazamata düşən Bəxtiyar Hacıyevin hətta öz yaxın ətrafının belə söz verdiyi kimi prezidenti ola bilmədi. Müxalifətçiliyin düşmənçilik olmadığını dərk etmək istəməməsi üzündən müxalifətə prezident ola bilmədi. Sadə xalqa verdiyi vədlər heç biri yerinə yetirilmədiyindən onlara da arxalana bilmir, necə ki onlarda, xalq adlandırdığımız kütlə də ona arxalanmır. Teleefirdə gördüyünüz növbətçi məddahlar istisnadır. Bu söylənilənə sübut axtarmaq lazım deyil, çünki İlham Əliyevin istənilən bölgəyə səfəri boş küçələrlə daha çox yadda qalır. Sabirabadın daşqından zərər çəkmiş Qasımbəyli kəndində təmir olunmuş məktəbin açılışı üçün İ. Əliyevin təşkil olunmuş səfəri çox gülməli məqamla yadda qalmışdır: Sabirabadın bütün kənd İcra nümayəndəliklərinin rəhbər və işçiləri nimdaş paltar geyinərək kənd sakinləri rolunu oymağa vadar edilmişlər. Həmin səfərdən çəkilişlər buna sübutdur. Korrupsiyaya uğramış öz ətrafı isə sadəcə olaraq hərəsi özü üçün bir prezident oldu. Hərəsinin öz hökmü, öz monopoliyada saxladığı sahə var. Əliyevdən isə şirma kimi istifadə edilir ki, “öz dünya”larını demokratiyadan hifz etsinlər. “Ümumilli lider və onun layiqli davamçısı” ideyası monopolist yırtıcılar üçün özlərinəməxsus gözmuncuğu, üzərlik funksiyasını daşıyır. Cəmiyyət isə dəyişikliyə daha surətlə hazırlaşır. Bir diplomat dostumun dediyi kimi “Həbişlə də, Məmişlə də bu məmləkət inkişaf edəcək. Və bu proqressin qarşısın heç kim ala bilməyəcək.” Nə qədər gözə çarpmasa da, nə qədər sönük siyasi gedişlərlə müşayət olunsada bu belədir. Baxmayaraq ki, məqsədyönlü şəkildə təhsil sistemini zombiləşdirmə laborotariyası kimi istifadə edir və yetişməkdə olan gəncliyin bir hissəsini savadsız qul, bir hissəsini isə əmrə müntəzir hissis, duyğusuz mütəxəssis kimi yetişdirmək istəyirlər, bu heç bir effekt vermir. Sağlam, vətənpərvər, dəyanətli bir gənclik yetişir. Dəyişikliklərə susamış müstəqil düşüncəli gənclik. Feodal düşüncəli haram var-dövlət hərisləri olan məmurlar isə bu fonda gül bağçasında ayağa batmış tikan kimi görünürlər. Günü gündən cəmiyyətdən məmur qorxusu, dəyənək qorxusu, hətta ölüm qorxusu götürülür. İnsanlar çəkdikləri zillətin balalarının da çəkməsini istəmirlər. Müasir vətəndaş artıq öz haqqını kimsəyə yedirtmək istəmir. Bütün bunlara rağmən cəmiyyətdə dəyişiklik ifadəsi ətrafında bir dartışma, mübahisə də var. Uzun illər sovetlərin kommunist təfəkkürünün təsiri altında yaşamış və heydərizmin avtoritar diktatına dözən orta statistik azərbaycanlı inkişafın dəyişiklikdə olmasını nəinki anlamır, bəzən sinirə də bilmirlər. Əslində bu ideyanın cəmiyyətə siraətini normal bir axara buraxmaq daha məqsədəuyğun olar. Heç bir polemikaya girişmədən, hər şansda cəmiyyətə müxalifət cameəsinin yenidən parçalanması ümidsizliyini sıramadan, “bunlar getsə kim gələcək?” kimi absurd suallarla insanları pəjmürdə etmədən. Dəyişiklik ideyası sonunda gəlib fərdin kimliyinə dirənəndə iflas olur. Azərbaycan toplumu avtoritatrizm düşüncəsindən əl çəkə bilməməsi üzündən "KİM?" sualı qabarıq və fanatik şəkildə ortaya çıxır və siyasi evolyusiya prosesinə ciddi mane olur. Millət olaraq isə ən gözəl bacardığımız iş ümidsizliyə qapılmaqdır... Siyasi polemika və dartışmalar dərhal ümidsizliyə rəvac verir. Siyasilər bir problemin müzakirə tipli dartışmasına başlamamış cəmiyyət pessimizmə qapılır: “Ay aman, bunlar yenə parçalanırlar!” Canım millətim, pisliyə, diktaturaya, rüşvətxorluğa qalib gəlmək üçün optimist olmaq lazım! Ümid etmək və gələcəyimizin qurulması üçün hər kəsin bacardığını əsirgəməmək lazım. Hərə öz evinin, ailəsinin haqqını tələb etməyə başlasın, kifayət edər. Başqasının haqqına girməmək şərti ilə. Bu məmləkətə isə demokratiya gələcək! Mütləq gələcək!
23 iyul 2011.

Комментариев нет:
Отправить комментарий