Haqsızlıq qarşısında susan susqun bir şeytandır.
(Məhəmməd peyğəmbər)
Susmağımızı tələb edirlər. Deyirlər baş verənlərə göz yumun, bir qulağınızı kar, gözlərinizi ümumiyyətlə kor edin. Biz rüşvət alaq, milləti ac-yalavac saxlayayaq, amma sən qarışma. Qarışma ki, biri sənə sürtünsün sonra da üzünə durub həbsə göndərilməyəsən.
Sən çıxmamış başqasını, siqaret çəkməyən birisini kiminsə üstünə yanar siqaret kötüyü atmaq iddiasıyla qazamatdakı yerinə salmayaq. Qarışma ki, başın salamat qalsın.SUS! Nəyinə lazım mitinqlər? Onsuzda bu xalq kölə olmağa öyrəşib. Savadsız kütlədir. Ipi başına atıb fırladırıq. Ölməmək üçün təminatın vermişik, bəsləridir. Sən isə savadlı insansan. Götür silahı keç bizim tərəfə. Pis yaxşı təminatın olacaq. Nə? Vicdan? Halal-haram nədi? Sən hansı zəmanədə yaşayırsan? Sən belə elə, səhər bir polis göndərim, gətirib səni otuzdursun mənim otağımda. Pürrəngi çayında qarşında. Axşam gedərsən evinə. Başqalarından ağıllı deyilsən ki?! Qorxma, heş kəs bilməz. Axı nə qədər olsa el-obayıq. Razı olmazsan 3-4 il basarıq gedərsən “istirahətə”..
Hədə, zopa, korrupsiya və bu kimi daha nə qədər dövlətçiliyə zərbə vuran amillərə əsaslanan rejim Azərbaycanda etiraz dalğasının qarşısını almaq üçün arqument tapa bilmədiyindən yuxarıda göstərilən çeynənmiş ifadələrdən istifadə edir və ciddi cəhdlə xalqın gözünü qorxutmaq istəyir. Hətta Qarabağ amilini də ümumdövlət faktoru səviyyəsindən rejimin saxlanılması üçün bəhanə kartına çevirib. İmitasiya yapır. Halbuki balaca uşaq da anlayır ki, Qarabağ probleminin açarı konfliktə olan ölkə-tərəflərin demokratiya yoluna qədəm qoymasından və münaqişə ocağını alovlandırmış rus imperializminin cəngindən azad olub “vassallığa yox” deyə bilməsindən keçir. Bir vaxtlar “Müsavat hakimiyyətə gəlsə müharibə edib balalarınızı qıracaq” antitəbliğatı yapanlar indi hakimiyyət qoltuğunu qorumaq üçün taleyüklü bir faktoru ayaqlar altına atmağa da gedir. Və bir daha sübur edir ki, Qarabağın taleyi bu iqtidarı qətiyyən maraqlandırmır.
Biz isə toplum olaraq nə qədər narazı olsaq da hələ ki, dözümlü xalq imicinə sadiqliyimizi qoruyuruq. Hələ ki, balalarımızın təhsilinə vurulan zərbəyə, ac-yalavac günlərimizdən oğurlanan loxmaya, Vətənimizin sərvətinin yersiz yerə tozlanmasına, insanların qürurunun, mənəviyyatının sındırılma cəhdinə, haqsız yerə insanların azadlığının məhdudlaşdırılmasına xalq olaraq göz yumuruq. Unutmayaq ki, bu gün qonşumuzun başına gətirilən sabah hər hansı bir formada bizim başımıza gətiriləcək. Susmaq yeri deyil. Həyat qorxaqlıq kimi miskin, cılız bir hissə sərf etmək üçün çox qısadır. Susmayın. Haqqı deməkdən qorxmayın. İçinizdəki istirabları yenin, vətəndaşlarım! Azadlığınıza qovuşun!
P. S. Bu isə haram batağlığına qərq olmuş və saxta parıltıdan kor olmuş rejim mənsublarına Aristoteldən bir xatırlatma: “Həyatın mənası nədir? - İnsanlara xidmət və hörmət etmək.”
28 aprel 2011-ci il "Demokrat" qəzeti

Комментариев нет:
Отправить комментарий