Vurğun bəy Meydan TV- yə müsahibə verib , qarma-qarışıq cavablar olsa
da, amma diqqəti cəlb edən maraqlı fikirlər səsləndirib. Bir çox
hallarda öz dediklərini özü inkar edir, bununla işimiz yox. Vurğun bəy qeyd edir: “QHTK-nın təlimatı var idi ki, Məclis üzvlüyünə namizədlərin siyahısı paylana bilməz”. Bildiyim qədər QHTK- da razılaşma var idi ki, qurultay günü yalnız başqan seçkilərinin nəticələri açıqlanacaq və qəbul ediləcək, Məclis və MNTK seçkilərinin nəticələri Məclisdə təsdiqlənəcək. İndi isə Vurğun bəy bunu “unudur”. Məclis və MNTK-ya namizədlərin siyahısı açıq şəkildə divara vurulmuşdu. Bu da təbliğat kampaniyasıdır. Və əslində qurultay və konfrans tipli tədbirlərdə, vaxtın məhdudluğunu nəzərə alaraq seçki günü təbliğatın qadağasından danışmaq məncə ciddi deyil. Kim istəsəydi orda siyahı tuta, kimi istəsə dəstəkləyə bilərdi və s. Seçkiyə güclü hazırlaşan namizəd və komandası tək başqanlığa namizədi deyil, MNTK və Məclisə namizədlərin də təbliğatını aparırlar, əslində Məclisə keçirilən seçkilərdə yerlərin çoxunun Arif Hacılıya yaxın şəxslərin qazanmasını demək dolayısı ilə Arif Hacılıya etimadın daha çox olması deməkdir. Və bu belədir. Bu, kinayəli də olsa, etirafdır. Bəyəm kimsə qurultay üzvlərinə demişdi ki, İsa Qəmbər bu Məclis üzvlərini dəstəkləyir siz də səs verin? Yox! Demokratiyanın prinsiplərindən biri də çoxluğu əldə edənlərin söz sahibliyini saxlaması, qərar və təkliflərinin keçərli olması ilə bağlıdır. Bəzən seçilməyənlər də, partiya daxilində, səhv olaraq “niyə seçilmədik?” sualı ətrafında fikirləşmək əvəzinə, “niyə bizə səs vermədiz?” kimi arqumentlə çıxış edirlər. Məncə ədalətli deyil. Qurultayı gözdən salmaq üçün heç bir arqument olmayanda xırda narazılıqları şişirtmək cığallıqdır sadəcə. Müsavat səviyyəli, örnək bir seçki mədəniyyəti sərgilədi. Və bu örnəyə şər atmaq sadəcə cığallıq deyil ki. Bunun adı bir başqadır, amma... nə isə.
İsa Qəmbərin adından istifadə” deyir hörmətli Vurğun bəy, və nədənsə unudur ki, həmin təbliğat zamanı İsa Qəmbərin adından ən çox istifadə edən namizəd hörmətli Qubad bəy olub. İsa Qəmbərin ən yaxın qohumları Rövşən Qəmbər - müsavatçıların hörmət etdiyi İsa Qəmbərin ağsaqqal əmisi və başqaları açıq şəkildə bəyanatlar verməklə Qubad bəyi dəstəkləyiblər. İsa bəy buna mane olmayıb. Bir çox müsavatçılar bu şəxslərə görə belə düşünürdülər ki, İsa bəy bu yolla öz mesajını verir. Bölgələrə zənglər edib bu barədə qurultay üzvləri ilə söhbətlər edən təbliğatçılar da olub. Bəlkə elə deyil? Bəlkə müsavatçılarla “Arif bəy son anda namizədliyini geri götürəcək” kimi yanlış PR da aparılmayıb?!
Vurğun bəy “3 səs” məsələsində isə haqlı olaraq hesabda zəif olduğunu etiraf edir. Mən filoloq olsam da riyaziyyatda kifayət qədər güclüyəm və müəyyən hallarda ədədi rəqəmlərlə deyil, proporsiyalarla manipulyasiya etməyi münasib hesab edirəm. Lap elə 3 səs məsələsini qabardanda onu da nəzərə almaq lazımdır ki, zaman-zaman dediyiniz kimi, reallıq hissini itirmiş, nə yolla olursa olsun posta yiyələnmək istəyən, bütün inzibati rıçaqları işə salmış namizəd, təbii ki, daha fərqli nəticə ilə qələbə qazanardı. Bu qınaq deyil, amma niyə 3 namizədin birlikdə 50% -i aşa bilmədiyi halda, Arif Hacılın tək 50% dən çox səs almasını nədənsə “3 səs” kimi səsləndirib miskin rəqəm kimi təqdim etdirirsiniz? Fəqət ki bu demokratiyanın təntənəsidir və Müsavat adına, demokratik seçkilər adına, Azərbaycan adına çox böyük bir uğurdur.
Buna baxmayaraq seçki o qədər demokratik keçrilib ki, Vurğun bəy bunu inkar da edə bilmir. Etiraf edir ki, belə bir qurultayı keçirə biləcək ikinci bir təşkilat yoxdur; xoşagələn məqamdır.
Mənim üçün gözlənilməz olan isə bu DTK söhbəti oldu, həm də yenilik oldu. Müsavatçı olmayan Azər Rəşidoğlunun yazısına istinadən verilən suala cavab olaraq ad çəkilmədiyi halda bəyin narahatlığla “Çənlibel” təşkilatından danışması, DTK ya inanmaq olmaz deməklə yanaşı bu söhbəti “Çənlibel” təşkilatının digər sədrinin üstünə atması maraqlı gəldi: o “Çənlibelin” digər sədri kim olub belə? O DTK polkovniki kimdir? Bilənlər xahiş edirəm bunları cavablandırsınlar. Vurğun vəyin bu münasibətini əsla başa düşmədim: adınız çəkilmədiyi halda bu ittihamı niyə üzərinizə götürürsüz? Mən o suala ümumiyyətlə cavab verməzdim, əgər narahatçılığım yoxdursa. Vurğun bəy sonda deyir ki, onu təhqir edən müsavatçılar var, kimdir onlar? Vurğun bəyin təhqir olunmasına heç rast gəlmədim, amma xeyli tənqidlər olub haqqında, bu isə tamam başqa bir mövzudur.
Комментариев нет:
Отправить комментарий